Mən Xarici Dillərə daxil olanda, Bakıda komendant saatı var idi. Cavanlar üçün: "bu o deməkdir ki, müəyyən saatdan sonra evdən çıxmağa icazə yox idi." 1993-cü il - hamı üçün çox ağır vaxtlar idi. Amma biz, abituriyentlər xöşbəxt idik. İkinci il idi ki, imtahanlar testlə idi və yalnız bilik əhəmiyyət kəsb edirdi. Bu, cavan ölkə üçün əsl sıçrayış idi, bizim nəsil üçün isə taleyin hədiyyəsi.
1995-ci il idi, biz ikinci kursda idik və tələbə qızlara xas olan şən-suh tərzdə dəhlizlə gedirdik. Bizi cağırdılar rektorun otağına ki, gəlin xaricilər gəlib, prezentasiya edirlər. Xaricilər dedi ki, dünya səviyyəli otel açırlar və ingilis dilli işçilərə ehtiyacları var. Rektor təntənə ilə söz verdi ki, oxumağın və işləməyin öhdəsindən eyni vaxtda gələ bilək deyə, şərait yaradacaq.
Rəfiqəm və mən institutdan bir başa anket üçün şəkil çəkdirməyə getdik. Axşam mən valideynlərimə fərəhlə elan etdim ki, işləməyə gedirəm. Atam da dedi ki, ola bilsin dil biliyim işə girmək üçün kifayət etmədi. Onun əmin olmaması, məni daha da qətiyyətli etdi. Xoşbəxtliyimdən, qabaqcıl və müdrik valideynlərim mənə dəstək olmağa hazır idi. Cəmiyyət, 19 yaşlı tələbə qızın mehmanxanada işləməyinə necə deyərlər "pis baxırdı".
Mən orada üç il işlədim. Dünyanın hər tərəfindən gələn xaricilərlə. Gözəl həmvətənlilərimlə. Biz çox cavan idik, ürəyimiz açıq idi, zəhmətkeş idik. Səhər növbəsi səhər 7-də başlayırdı, axşam növbəsi axşam 11-də qurtarırdı (gecə növbəsi də var idi, amma bizim şöbədə gecə növbəsində əsasən oğlanlar işləyirdi). Metro qarşısında duran taksistlər artıq bilirdi ki, səhər sübhdən metrodan çixan bizik. İşdən əvvəl və sonra, mən və bir çoxları instituta gedirdik. İkinci növbədən bizi valideynlərimiz qarşılayırdi, atam məni qarşılayanda, "biz tərəfə" gedənləri də evlərinə çatdırırdı və o, yəqin ki, belə edən tək valideyn deyildi. Biz, gənclər, kollektivdə işləməyi, menecmentin və xidmət sahəsinin əsaslarını öyrənirdik. Rektor da, bizi sonra çağırdı və danladı ki, ele bilməyək ki, işləyiriksə, institutda bizə güzəşt ediləcək…Biz həyatın reallıqları ilə üzləşməyə başladıq. Olsun. Bilirdik ki, hər şeyin öhdəsindən gələrik. Təcrübə yığırdıq, gücümüz və inamımız artırdı, ilk dəfə olaraq "locals" - yerlilər mövhumu ilə üzləşirdik və çətinliklər bizi qorxutmurdu. Başqalarını bilmirəm, amma şəxsən mən çox xoşbəxt idim.
İndi mən gənclərə tez-tez təkidlə deyirəm ki, işləmək lazımdır, təcrübə yığmaq. Bəli, məhz işləmək. Düzdür, həyat asanlaşıb. Düzdür valideynlər uşaqlar üçün əllərindən gələni edirlər və edəcəklər də. Düzdür gənc yaşında könüldən ancaq həyatdan zövq almaq və əylənmək keçir. Amma. Məhz əmək və məhz xarakterin formalaşdığı gənc yaşında, özünün və başqasının əməyinə hörmət, başqaları ilə ünsiyyət etmək və işləmək, öz güclü və zəif tərəflərini aşkar etmək, özünü tapmaq kimi əsas bacarıqları əldə etməyə şans yaradır. Həyat bir dəfə olduğu və çox sürətlə də keçdiyi üçün, 40 yaş həddinə mümkün qədər çöx təcrübə ilə yaxınlaşmaq daha yaxşıdır. Şəxsi təcrübə, nəyi dəyişməli, yetkin həyatı necə qurmalı və özünü nəyə həsr etməli kimi suallarında kömək edir. Həm də o yaşda artıq gələcək nəsilə örnək olmaq vaxtı da gəlir çatır. Mən tövsiyə edərdim ki, özünüzə "yazığınız gəlməsin". Çünki, iş doğrudan da insanın cövhəridir və tənbəllik və qorxunu qırağa atıb atılan hər bir addım, insana mənəvi və maddi fayda verir.
Bu ay, 1995-ci ilin may ayından 20 il keçir. İllər keçdi oldu tarix. Qazanılan yaxşı dostlar və tanışlar oldu, qalan, bacarıq, təcrübə və bilik. Biz yetkinləşdik və ümid edirik ki, müdrikləşdik. Xoşbəxtlikdən, geriyə baxıb, səhvlərimizdən, keçmişin təcrübəsindən öyrənmək, özümüz, yaxınlarımız və cəmiyyət üçün faydalı olmaq imkanımız var. İndi imkanlar daha çoxdur. Qlobalizasiya, internet. Əsas odur ki, həyatı televizor, telefon və kompyuter ekranından izləyib, ya da ancaq kitab və dərsliklərdən oxumayasan. İstənilən əmək həyatda təkana səbəb olur. Məncə yay mövsümü xaricilər demiş "work hard, play hard" yəni "güclü işləyib, ürəkdən istirahət etmək" ücün elə əla vaxtdır. Uğurlar olsun hamınıza.
No comments:
Post a Comment